Saxurlar, Qafqazda yaşayan xalqdır. Dağıstanın (Rusiya Federasiyası) və Azərbaycanın aborigen xalqlarından biridir. Saxurlar özlərini "yiqbi" adlandırırlar. "Yiqbi" sözünün mənası "biz dağlıyıq" və ya "biz bir xalqıq", "saxur" sözü isə sak etnonimindən əmələ gəlmişdir. Hal-hazırda saxurların sayı təqribən 70 min nəfərdir. Onların 10 mindən artığı Rusiyada, Dağıstanın Rutul rayonunun qərb bölgəsində, Samur çayının yuxarılarında yaşayır. Bundan əlavə, saxurlar Dağıstanın Babayurd rayonunda, Maxaçqala, Dərbənd, Kizlər və Rusiyanın digər şəhərlərində yaşayırlar. Azərbaycanda sakin olan saxurlar Qafqaz sıra dağlarının cənub yamaclarında, Azərbaycanın şimal-qərb rayonları olan Qax, Zaqatala və Balakən rayonlarında və habelə Bakı, Gəncə, Sumqayıt və Şəki şəhərlərində yaşayırlar.